“Qazilərin hamısının ünvanı, vəziyyəti müəyyənləşməlidir” » devlet.info.az
Xəbərlər



“Qazilərin hamısının ünvanı, vəziyyəti müəyyənləşməlidir”
“Qazilərin hamısının ünvanı, vəziyyəti müəyyənləşməlidir”

Son günlər sosial şəbəkələrdə müharibə qazilərinin problemləriylə bağlı məsələlər paylaşılır. Qazilərin yaxınları müraciətlər edərək övladlarının sağlamlığının bərpa edilməsiylə bağlı çağırışlar edirlər. Onların bir qismi isə müxtəlif sosial problemlərini dilə gətirir. Qazilər daha çox icra hakimiyyətlərinin onlara münasibətindən gileylənir.

Elə bu gün şəhid ailələrinə və qazilərə dəstək məqsədilə yaradılmış YAŞAT fondu görülmüş tədbirlərlə bağlı mətbuat konfransı keçirib. Vətən müharibəsi qazilərinin “YAŞAT” Fonduna müraciəti ilə bağlı qaydalar da açıqlanıb. Qeyd edək ki, Vətən müharibəsində yaralananlar yashat.gov.az portalının “Daxil ol” bölməsində qeydiyyatdan keçib, əlilliyi təsdiq edən məlumat və sənədləri qeyd edərək “müraciət et” bölməsinə keçid əldə edəcəklər. Bu bölmədə tələb olunan məlumatları yerləşdirmək və Azərbaycan Prezidentinin Fərmanında öz əksini tapan istiqaməti qeyd etməklə həmin şəxslərin müraciətləri tamamlanacaq. İlkin mərhələdə “YAŞAT” Fondu Vətən müharibəsinin şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərini qəbul edəcək.

Tədbirdə çıxış edən ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev görülmüş işlər barədə də məlumat verib. O bildirib ki, qeydə alınmış müraciətlər əsasında 2706 şəhidin 11 min 192 nəfər ailə üzvüylə görüş keçirilib: “Həmçinin 81 nəfər ağır yaralı ziyarət olunub. 2787 şəhid və yaralımızın 1483 ailə üzvünün probleminin həll olunmasına qərar verilib. Bu, bizə olunan müraciətlərin 55 faizidir. Onların 37, 7 faizi məişət şəraitinin yaxşılaşdırılması, 37,4 faizi tibbi xərclər, 16, 5 faizi isə borcların qarşılanması və təhsil xərcləri ilə bağlıdır".

Həmçinin məlum olub ki, Birinci Qarabağ müharibəsi və digər dövrlərdə şəhid olanların ailə üzvləri və əlilliyi müəyyən olunmuş şəxslər də yashat.gov.az portalına müraciət edə biləcəklər. Onlar mart ayından etibarən yashat.gov.az portalında qeydiyyatdan keçə biləcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyev bütün çıxışlarında şəhid ailələrinə və müharibə qazilərinin problemlərinin daim diqqət mərkəzində saxlanılacığını vurğulayıb. Ölkə rəhbəri ötən günkü müşavirədə də bildirib ki, məcburi köçkün və qaçqın ailələri üçün tikilmiş yeni mənzillər bundan sonra şəhid ailələrinə veriləcək.

Bu gün "Qaçqınkom"un sədr müavini Fuad Hüseynovun açıqlamasından məlum oldu ki, bu məqsədlə yeni tikilmiş 4700 mənzil şəhid ailələrinə veriləcək.

Bu arada bildirək ki, dünən dövlət başçısı İlham Əliyev yerli icra hakimiyyətləri yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələriylə işin təşkil edilməsiylə bağlı mühüm fərman imzalayıb. Fərmandan sonra artıq yerli icra hakimiyyətlərinin işini necə təşkil etməsi məsələsi aktuallaşır. Sözügedən qurumlar prosesi necə təşkil etməlidir ki, narazılıq yaranmasın.

"Qafqazinfo" bu sualla deputat Sabir Rüstəmxanlıya müraciət edib. S. Rüstəmxanlı bildirib ki, adətən müharibələrdən sonra müharibə iştirakçıları, şəhid ailələri bir müddət psixoloji gərginlik keçirir:

"Müharibə böyük bir coşqu, ilhamdır. Dövlət, ordu öz gücünü ortaya qoyur. Müharibədə məğlub olan ölkələr də var. İndi biz şükür ki qalib gəlmişik. Azərbaycan böyük bir qələbə qazanıb. Bu müharibənin mənəvi tərəfidir. İkinci məsələ isə, dinc dövrdə müharibə iştirakçıları, qazilər şəhid ailələri yaşamalıdırlar. Onların bütün ehtiyacları ödənməlidir. Bu gözlənilən bir hadisədir. Hər kəs bilir ki, bütün müharibələrdən sonra bu problemlərlə rastlaşmışıq. Nə yaxşı ki bu dəfə isti-isti, problem böyüməmiş Prezident məsələnin ciddiliyini nəzərə alaraq eyni zamanda, Ali Baş Komandan kimi onun çağırışıyla vuruşmuş, onun əmrlərini yerinə yetirmiş insanların ailələrini və qazilərin vəziyyətini yaxşılaşdırmaq üçün konkret addım atdı. İcra hakimiyyətlərinin yanında müharibə iştirakçıları və şəhid ailələrinə bağlı şöbənin yaradılması son dərəcə mühüm bir işdir. Rayonda başqa hər hansı bir idarə yaradılsaydı, məsələni bu şəkildə həll edə bilməzdilər. Çünki icra hakimiyyəti rayonda əsas idarəedici qurumdur və səlahiyyət də onun əlindədir. İndi birbaşa olaraq icra hakimiyyətlərində belə bir şöbə yaradılır.

Təbii ki heç bir idarə bir qazinin itirdiyi bədən orqanlarını, sağlamlığını tam bərpa edə bilməz. Ancaq qazilər mümkün olunduğu qədər müalicə olunmalıdır. Onlara, şəhid ailələrinə yardım edilməlidir ki, əziyyət çəkməsinlər. Şəhid ailələrinin, qazilərin əlaqələri icra hakimiyyətlərində, rayon hərbi komissarlıqlarında var. Siyahılar dəqiqləşdirilməlidir. Qazilərin hamısının ünvanları, vəziyyətləri müəyyənləşməlidir. Hansına nə yardım lazımdı, hansına nə müalicələr edilməlidir, müalicələrin rayonda, Bakıda yaxud xaricdə edilib edilməməsi müəyyənləşməlidir. Ayaqlarının bərpası prosesinin lazım olub olmadığı aydınlaşdırılmalıdır.

Bütün bunların hamısının hesabatları aparılmalıdır. Ondan sonra şöbə daimi bu çərçivədə işini qurmalıdır. Hansı ailəyə yardım edilməlidir, hansı texniki vasitələrə ehtiyac olduğu bilinməlidir. Məncə təkcə bu şöbənin yaradılmasıyla iş bitmir. Rayon icra hakimiyyətlərinin hansı səlahiyyətləri olduğu və maliyyə vəsaitləri təxminən məlumdur. Ona görə yaradılacaq şöbələr üçün müvafiq vəsait də ayrılmalıdır. Qazilərə, şəhid ailələrinə hansı səviyyədə yardım ediləcəyi aydın olandan sonra ona uyğun da vəsait ayrılmalıdır.

Şübhəsiz ki bu şöbənin yaradılması icra hakimiyyətlərinin məsuliyyətini artıracaq. İndi bilirsiniz ki, koronavirusla əlaqədar onlayn görüşlər keçirilir. Adamlar qəbul olunmur. Ancaq telefonla, internet vasitəsilə sözünü deyə bilirsən. İndi hər qazinin, şəhid ailəsinin bəlkə heç imkanı yoxdur həmin onlayn vasitələrdən istifadə etməyə. Həmin şöbə onlayn şəkildə yox, bu ailələrin hər biriylə şəxsən əlaqə saxlamalıdır".
Baxış sayı: 13