İsmayıllıdan olan şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər » devlet.info.az
Xəbərlər



İsmayıllıdan olan şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
 İsmayıllıdan olan şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Sentyabr ayının 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı rayonundan olan şəhid ailələri nümayəndələrinin bir qrupu Hərbi Qənimətlər Parkına səfər edib.

Şəhid ailələrinin arzusu ilə reallaşan bu səfərdə onlar 2020-ci il sentyabrın 27-dən noyabr ayının 10-dək davam edən Vətən müharibəsində düşməndən hərbi qənimət olaraq götürülən silah və sursatları, hərbi texnikası, habelə Müzəffər Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edilən “keçilməz istehkamları”nın maketləri ilə tanış olublar. Ziyarətçilərə parkda nümayiş olunan eksponatlar, onların yaradılması tarixi barədə məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid mayoru, kəşfiyyat bölüyünün komandiri Sübhi Balamirzə oğlu Mürsəliyevin anası, təqaüddə olan müəllim, rayonun Qurbanəfəndi kəndindən gəlmiş Cəmilə Əkbərova Parkda gördüyü səhnələrin yaratdığı hisslərin unudulmaz olduğunu deyib. O bildirib: “Oğlum müharibənin ilk günlərində Suqovuşanda şəhid olub. Mənim sinəmdəki oğul dərdinin təsəllisi odur ki, bayrağımız azad edilmiş ərazilərdə ucalır və indi düşmənin rəzil vəziyyətinin səhnəsini görürəm. Sübhinin üç övladı var və onlar Azərbaycan dövlətinin, Prezidentimizin qayğısını hər zaman hiss edirlər”.

Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva oxşar tədbirlərin əhəmiyyəti barədə danışaraq deyib: “Anım Günü ərəfəsindəyik və hər birimizin mənəvi borcudur ki, bu gün şəhid ailələri və qazilər ilə görüşək, onların yanında olaq. İstəyimiz odur ki, qəhrəmanlarımızın doğulub boya-başa çatdığı ailələr xalqımızın və dövlətimizin həmişə onların yanında olduğunu hiss etsinlər”.
Baxış sayı: 7