Heydər Əliyev Mərkəzində məktəblilər arasında intellektual yarış keçirildi » devlet.info.az
Xəbərlər



Heydər Əliyev Mərkəzində məktəblilər arasında intellektual yarış keçirildi
Heydər Əliyev Mərkəzində məktəblilər arasında intellektual yarış keçirildi

Dekabrın 23-də Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Yollarda təhlükəsiz davranışı öyrənək” intellektual yarışı keçirilib.

Layihə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində reallaşıb.

Yarışda Bakı şəhərinin orta ümumtəhsil məktəblərində təhsil alan 7-8-ci sinif şagirdlərindən ibarət 55 komanda iştirak edib. Layihədə məqsəd yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi və nəqliyyat vasitələri ilə tanışlığının təmin olunmasıdır.

Qeyd edək ki, yarış iştirakçılarının müəyyən olunmuş mövzular üzrə hazırlığı məqsədilə dekabrın 18-də Heydər Əliyev Mərkəzində təlim də keçirilib. Məktəblilər Azərbaycan Avtomobil Federasiyasının müvafiq nəşrləri üzrə də yarışa hazırlaşa bilib.

Suallar yol hərəkəti qaydalarının və avtomobillərin tarixi, yol hərəkətinin iştirakçıları, piyadalar və velosipedçilər, sürücülük hüququ, yol hərəkəti qaydaları və digər mövzuları əhatə edib. Münsiflər heyəti yarışın 3 turunun yekununa əsasən 55 komanda arasından I, II və III yerlərin qaliblərini müəyyənləşdirib. Qərara əsasən, Bakı şəhər 211 nömrəli tam orta məktəbin şagirdləri birinci, 2 nömrəli texniki-humanitar liseyin şagirdləri ikinci, 275 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü yerləri tutublar.
Baxış sayı: 31