Dünya iqtisadiyyatında yaşanan inflyasiyanın səbəb və həll yolları - TƏHLİL » devlet.info.az
Xəbərlər



Dünya iqtisadiyyatında yaşanan inflyasiyanın səbəb və həll yolları - TƏHLİL
Dünya iqtisadiyyatında yaşanan inflyasiyanın səbəb və həll yolları - TƏHLİL

2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşib. Bu amillərin inflyasiyada rolu həlledici olub. 2021-ci ildə dünyada COVİD-19 əleyhinə kütləvi peyvəndləmənin aparılması, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşaldılması şəraitində qlobal iqtisadiyyatda bərpa prosesi sürətlənib. Bu dövrdə ticarət təchizat zəncirində qırılmalar, məşğulluğun zəif bərpası, daşınma və logistika xərclərinin yüksəlməsi qlobal təklifin genişlənməsinə mane olub. Bu proseslər qlobal tələb-təklif uyğunsuzluğuna səbəb olmaqla qlobal inflyasiyaya şərait yaradıb. 2021-ci ildə enerji qiymətləri illik əsasda 77%, qeyri-enerji qiymətləri isə 20% artıb (Dünya Bankı). FAO-nun məlumatına görə dünya ərzaq qiymətləri illik əsasda 23.1% yüksəlib. Bu dövrdə 1 konteynerin beynəlxalq daşınma xərci təxminən 60% yüksəlib (bəzi aylarda illik artım 4 dəfəyədək olub).

İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ərzaq inflyasiyası dekabrda aylıq 2.6%, illik 15.8%, orta illik 8.1% olub. Ümumi inflyasiyanın təqribən 3/5-ü ərzaq inflyasiyasının payına düşür. Belə ki, illik inflyasiyaya ərzaq məhsulları üzrə qiymət artımının töhfəsi 6.9% bəndi olub.

Ötən il dünyanın əksər ölkələrində, o cümlədən əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib ki, bu da milli iqtisadiyyatımız üçün inflyasiya idxalının sürətlənməsi deməkdir. 2021-ci ilin noyabrda illik inflyasiya hədəflə müqayisədə ABŞ-da 3.4 dəfə, Avrozonada 2.5 dəfə, Rusiyada 2.1 dəfə, Qazaxıstanda 1.5 dəfə, Belarusda 2.1 dəfə, Ukraynada 2.1 dəfə, Gürcüstanda 4.2 dəfə, Türkiyədə isə 4.3 dəfə yüksək olub.

“Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə bildirib ki, Azərbaycan öz ərazisində bu məhsulların tam istehsal dövrünü təmin etməyi təklif edir.

“Söhbət istehlak məhsullarından və yüksək əlavə dəyərdən gedirsə, əlbəttə ki, digər ölkələrlə əməkdaşlığa maraq var. Xüsusilə də, Türkiyədən həmkarlarımızla birgə əhali üçün A kateqoriyalı məhsul qrupunun istehsal ideyasının reallaşdırılması maraqlı və cəlbedici ola bilər. Türkiyənin sənaye sektoru fəal inkişaf edir, biz də bir sıra istiqamətlər üzrə birgə təcrübəyə malikik. Bunu istehsal məhsullarına şamil etmək olar. Bundan başqa, daha bir maralı təklif var. Bu, ilk növbədə, Azərbaycan ərazisində müəyyən məhsul növlərinin istehsalında əməkdaşlığın birgə qurulması ilə digər ölkələrdən investisiya paketləridir”, - deyə o bildirib.

İ.Vəlizadənin sözlərinə görə, bu gün sənaye əməkdaşlığı Azərbaycanla Türkiyə və Ukrayna arasında imzalanmış sazişlərin xüsusiyyətlərindən irəli gələrək səmərəli şəkildə reallaşdırıla bilər.

“Digər ölkələrdən də istehsalçılarla əməkdaşlıq mümkündür. Rusiya şirkətləri də ölkəmizlə bu istiqamətdə əməkdaşlığın inkişafı üçün yaxşı potensiala malikdir. Azərbaycan və Rusiya avtomobillərin yığımı və əczaçılıq məhsullarının ölkəmizdə istehsalı üzrə təcrübəyə malikdir. Bundan başqa, ölkəmiz Belarus tərəfi ilə maşınların yığımı və kənd təsərrüfatı təyinatlı avadanlığı istehsalında əməkdaşlıq edir. Fikrimcə, bu yol yaranmış vəziyyətdə risklərin azaldılması üçün daha optimal ola bilər. İlk növbədə, sadəcə əməkdaşlıq lazımdır: mümkün olduğu halda daxili imkanlar hesabına, dəstək zərurəti olduqda isə qonşularla birgə”, - İ.Vəlizadə deyib.

İqtisadçı-ekspert Xalid Kərimli isə hesab edir ki, dünyada ərzaq və qeyri-ərzaq məhsul qiymətləri artmaqda davam edəcək.

“Bunun əsas səbəbi COVID-19 pandemiyası dövründə tətbiq olunan məhdudiyyətlərdir. Qlobal qapanma iqtisadiyyatda dəyər yaratmaq zəncirində problemlər yaratdı. Dünya ticarətinin 80 faiz payını təşkil edən dəniz daşımaları beş dəfə artıb”, - deyə o bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanda qiymətlərin artmasının səbəbi idxal hesabına ölkəyə daxil olan dünya inflyasiyasıdır. Ona görə də ölkədə qiymət artımı qaçılmazdır.

“Dünyada qiymətlərin artımının dayanması 2022-ci ilin ikinci yarısında baş verə bilər: hazırkı qiymət artımı ilin birinci yarısında davam edəcək. Bu, ilin ikinci yarısında dayanacaq”, - ekspert əlavə edib.

Ərzaq qiymətlərinin artımı problemi ilə dünyanın demək olar ki, bütün ölkələri üzləşib və Azərbaycan da istisna olmayıb. İlk növbədə, ilkin zərurət və istehlakçı təyinatlı məhsulların qiymət artımını qeyd etmək lazımdır. Azərbaycan da digər ölkələr kimi bu məhsulları idxal edir. Tədarük zəncirində qırılmalar nəticəsində yük daşımalarının da qiyməti artıb. Bundan başqa, dəniz yük daşımalarının qiyməti də artıb ki, bu da ilkin zərurət və istehlakçı təyinatlı məhsul qruplarının qiymət artımına ciddi təsir göstərir.
Baxış sayı: 39