Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. » devlet.info.az
Xəbərlər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına üç saata yaxın davam edən müsahibə verərək gündəmdə olan bir çox məsələlərlə bağlı açıqlama vermiş, ötən ilin yekunlarını qiymətləndirmiş, müharibədən sonrakı dövrdə görülən işlər, Ermənistanla aparılan danışıqlar, münasibətlərin perspektivləri, sülhməramlıların fəaliyyəti, ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyət istiqamətləri, yeni dünya düzənində Azərbaycanın rolu və daha bir çox məsələlərlə bağlı fikirlər səsləndirmişdir. Müsahibə olduqca geniş formatda olmaqla yanaşı, verilən sualların çoxşaxəliliyi ilə də diqqət çəkirdi.
Müsahibə zamanı ölkə başçımıza ilk olaraq ötən ilin iqtisadi yekunları və cari ilin praqnozları ilə bağlı sual verilmiş və cənab Prezident olduqca əhatəli formada bu sualı cavablandırmışdır. Bildirilmişdir ki, 2021-ci ildə ölkəmizdə iqtisadi artım 5 faizdən, qeyri-neft iqtisadiyyatı 7,2 faizdən, ümumi sənaye istehsalı isə 5 faizdən çox artmış, qeyri neft sənayesində artım 20 faizə yaxın olmuşdur. Bununla yanaşı, valyuta ehiyatlarımız 2,5 milyard dollar artmış, xarici ticarət balansının müsbət saldosu 10 milyard dollardan artıq olmuşdur. Bu rəqəmlərin hər biri ayrı-ayrılıqda olduqca vacib olmaqla, ölkəmizdə iqtisadi mənzərənin nə ölçüdə ürəkaçan olduğunun sübutudur. Bütün dünyanın pandemiya, ərzaq qıtlığı və daha bir çox qlobal bəlarlarla mübarizə apardığı bir dövrdə Azərbaycan artıq iqtisadi tənəzzüldən çıxıb və dünya iqtisadiyyatında hansı formada və səviyyədə böhran baş verməsindən asılı olmayaraq bütün sınaqlara hazırdır.
Bununla yanaşı, cəmi bir il öncə ölkəmiz ərazi bütövlüyünü bərpa etmək, otuz illik işğalı sona çatdırmaq üçün böyük bir savaş verdi. Bu gün müharibədən çox qısa bir müddət keçməsinə baxmayaraq, artıq müharibənin izlərinin silinməsi, bölgənin canlanması və 30 ildir ki, öz doğma torpağından didərgin düşmüş bir milyona yaxın məcburi köçkünün evlərinə qayıtması üçün sürətli bərpa və yenidənqurma işləri görülməkdədir.
Bütün bunlar Azərbaycan xalqının sosial rifahının gücləndirilməsi və daha yaxşı gələcəyinin təminatı məqsədilə həyata keçirilən vacib addımlardır. Nəzərdə tutulmuş artımlar əhalinin bütün təbəqələrini əhatə etməkdədir. Xatırladaq ki, 2019-2020-ci illərdə də böyük sosial islahatlar həyata keçirilmiş, əməkhaqları və sosial ödənişlər ciddi şəkildə artırılmışdı. Ümumiyyətlə son illərdə minimum əmək haqqı və minimum pensiyalar təqribən 2 dəfə artmış, orta pensiya 60%, orta əmək haqqı təqribən 40%, sosial ödənişlərin orta məbləği 2 dəfədən çox artırılmışdır. Beləliklə, heç bir şübhə yoxdur ki, bu addımların nəticəsi olaraq ölkə əhalisinin rifahı günü-gündən yüksələcək və bütün dünyanın pandemiyadan əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı çiçəklənməyə davam edəcək.
Baxış sayı: 133