Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib » devlet.info.az
Xəbərlər



Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib
 Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının martın 18-də hibrid formada növbəti məclisi baş tutub. Qeyd edək ki, məclisdə ARGTMŞ-na üzv olan və üzv olmaq üçün müraciət edən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məclisə sədrlik edən İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədov üzv təşkilatları və nümayəndələri salamlayaraq, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinə iştirakları üçün minnətdarlığını bildirib.

NAYORA-nın sədri Azər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi önəmi, onlara göstərdiyi diqqət və qayğını vurğulayaraq, ölkədə gənclərə yaradılan geniş imkanlar barədə məlumat verib, təşkilat nümayəndələrini Novruz bayramı münasibəti ilə təbrik edib.

Daha sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadə təşkilatın 2021-ci ilin sentyabrdan 2022-ci ilin mart ayına qədər olan dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar haqqında məlumat verib.

Tədbirdə üzvlük üçün müraciət edən “Gələcək İntellektual İnkişafa Yardım” İctimai Birliyi, “Gənclərin Həmrəliyi” İctimai Birliyi, “Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement” İctimai Birliyi öz fəaliyyətləri, gələcək hədəfləri və planları ilə bağlı təqdimatlarını təqdim ediblər.

Üzvlük üçün müraciət edən təşkilatların sədrlərinin çıxışlarından sonra onlayn və oflayn formada səsvermə keçirilib, uğur qazanan təşkilatlar Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusunda üzvlüyə qəbul olunub.
 Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib
Baxış sayı: 48