Xırdalan şəhərindəki Şəhidlər xiyabanında “İbadət otağı” istifadəyə verilib » devlet.info.az
Xəbərlər



Xırdalan şəhərindəki Şəhidlər xiyabanında “İbadət otağı” istifadəyə verilib
Xırdalan şəhərindəki Şəhidlər xiyabanında “İbadət otağı” istifadəyə verilib

Abşeron rayonunun Xırdalan şəhərindəki Şəhidlər xiyabanında yeni inşa olunan “İbadət otağı” istifadəyə verilib. Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə Şəhidlər xiyabanını ziyarət etmişdi. Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər xiyabanında ibadət etmək, şahidlərin doğum günlərində toplaşmaq, namaz qılmaq, dualar etmək üçün “İbadət otağı”nın tikilməsi məsələsi qaldırılmış və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunmuşdu. Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq addımlar müəyyənləşdirilmiş, Şəhidlər xiyabanının qarşısında yer ayrılmış və bundan sonra tikinti işlərinə başlanılmışdı.

İcra başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri və şəhid ailələri ilə birgə yeni inşa olunan “İbadət otağı”na baxış keçirib, burada yaradılan şəraitlə tanış olublar. İcra başçısı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb.

Şəhid ailələri yaradılan şəraitdən razı qaldıqlarını bildirərək dövlət tərəfindən onlara daim diqqət və qayğının göstərildiyini, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq respublikanın hər bölgəsində olduğu kimi, Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib. Novxanı kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrindən danışaraq rayon ərazisində olan problemlərin araşdırıldığnı qeyd edib. Bir sıra məsələlərin rayonun bütün kənd və qəsəbələrində müşahidə olunduğu və onların həlli istiqamətində layihələrin hazırlandığı vurğulanıb.

Sonra çıxış edən sakinlər Novxanı kəndinin tarixi, memarlığı nəzərə alınaraq böyük layihələrin, genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyini bildirib, buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər kənd ərazisində 2 işıqforun quraşdırılmasında, marşrut avtobuslarının sayının artırılmasında və avtobuslararası intervalın azaldılmasında, yeni iş yerlərinin açılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilib.

Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Sakinlər işlə təmin olunmaqda, şəhidlərin xatirəsinə abidə bulaqlarının tikilməsində köməklik göstərilməsini xahiş ediblər.
Xırdalan şəhərindəki Şəhidlər xiyabanında “İbadət otağı” istifadəyə verilib


RİH başçısı bildirib ki, Abşeron rayonunda yaşıllıq zolağının salınması istiqamətində iş aparılır. Burada hər şəhidin adına ağac əkiləcək və həmin şəhid haqqında məlumatları özündə əks etdirən lövhə asılacaq. Bundan əlavə, şəhidlərin adlarını əbədiləşdirmək, anım və bayram tədbirlərini bir mərkəzdə keçirmək məqsədi ilə Xırdalan şəhərində böyük Xatirə Anım Kompleksi inşa olunacaq. Artıq bununla bağlı layihə hazırlanıb və yaxın zamanlarda işlərə başlanılması nəzərdə tutulur.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Baxış sayı: 22