Şəhid ailələri və qazilər dövlətin qayğısı ilə əhatə olunublar » devlet.info.az
Xəbərlər



Şəhid ailələri və qazilər dövlətin qayğısı ilə əhatə olunublar
Şəhid ailələri və qazilər dövlətin qayğısı ilə əhatə olunublar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Bahadurov Anar Süleyman oğlunun 30-cu doğum günü qeyd edilib.

Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində təşkil olunan anım mərasimində RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.

Mərasimdə Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova Azərbaycanın döyüş meydanında əldə etdiyi Zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.

Bildirilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Abşeron rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.

Sonra çıxış edən şəhid Anar Bahadurovun atası Süleyman Bahadurov, anası Zeynəb Bahadurova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev və digərləri xalqımızın qazandığı Qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, igidlərimizin qəhrəmanlıqlarından danışıblar.

Şəhid ailələri ölkəmizdə onlara göstərən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Sonda incəsənət nümayəndələrinin və Mədəniyyət Mərkəzinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər Vətənə, Qələbəyə aid şeirlər səsləndiriblər.

X X X

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin və “Ləziz Manqal” restoranının birgə təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi, eləcə də I Qarabağ müharibəsi qaziləri üçün bayram süfrəsi açılıb.

Bayram tədbirində Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov və “Ləziz Manqal” restoranının rəhbəri Əziz Rüstəmov çıxış edərək, xalqımızın artıq ikinci ildir Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü xüsusi ovqatla, böyük qürur və sevinclə qeyd etdiyini bildiriblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi Qələbə qazanıb. Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimiz, sağlamlıqlarını bu yolda qoyan qazilərimiz hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunublar.

Daha sonra çıxış edən qazilər, müharibə iştirakçıları və İctimai Birlik sədrləri qazilərimizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, müzəffər Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.

Qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bayram süfrəsində yerli incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Baxış sayı: 17