Gənclər və İdman Nazirliyinin kollegiya iclası keçirilib, 3 federasiya ləğv edilib » devlet.info.az
Xəbərlər



Gənclər və İdman Nazirliyinin kollegiya iclası keçirilib, 3 federasiya ləğv edilib
Gənclər və İdman Nazirliyinin kollegiya iclası keçirilib, 3 federasiya ləğv edilib

İyunun 29-da Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, iclasın gündəliyinə əsasən nazirliyin cari ilin ikinci yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra tədbirlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasda, həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. Kollegiyanın qərarına əsasən, “Azərbaycan Sambo Federasiyası”, “Azərbaycan Savat Federasiyası”, “Azərbaycan Taekvondo Federasiyası”, “Azərbaycan Avtomobil Federasiyası”, “Azərbaycan Kapoeyra Federasiyası”, “Azərbaycan Yelkən Federasiyası” İctimai birliklərinin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Həvəskar Universal Döyüş Federasiyası”, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası”, “Azərbaycan Peşəkar Boks Federasiyası” İctimai birliklərinin federasiya statusu dayandırılıb.


Xatırladaq ki, bir neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatıb. Ümumilikdə 25 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Kollegiya iclasında, həmçinin Ceyhun Ənvər oğlu Məmmədəliyevə, Tural Rafiq oğlu Vəlibəyova və Xalid Zahid oğlu Atababayevə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adlarının verilməsi barədə qərar qəbul olunub.
Baxış sayı: 18