Şəhid hərbçilərin bütün kredit öhdəlikləri və faizləri silinib » devlet.info.az
Xəbərlər



Şəhid hərbçilərin bütün kredit öhdəlikləri və faizləri silinib
Şəhid hərbçilərin bütün kredit öhdəlikləri və faizləri silinib

16 sentyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

ABA-dan verilən məlumata görə, iclas zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin ABA üzvlərinin təşəbbüsü ilə tam həcmdə silinməsi məsələsi müzakirə edilərək yekdilliklə təsdiq edilmişdir.

ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını və Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq Şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildirmişlər.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Baxış sayı: 6