Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri » devlet.info.az
Xəbərlər



Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri
Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri

YAP Göyçay rayon təşkilatının əməkdaşı Çingiz İbrahimov
Məlum olduğu kimi,müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda vəziyyət olduqca acınacaqlı,son dərəcə ağır idi. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, bacarıqsızlığı onsuz da ağır olan vəziyyəti getdikcə dərinləşdirirdi. Ölkədə özbaşınalıq, anarxiya baş alıb gedirdi. Hər bir məmurun silahlı dəstəsi vardı.Bu qanusuz silahlı dəstələr düşmənə qarşı mübarizə aparmaqdansa, talançılıqla məşgul idi.Bu vəziyyətdən istifadə edən mənfur ermənilər isə torpaqlarımızı hissə-hissə işğal edirdi. Belə desək ölkəmizin başı üstünü qara buludlar almışdı. Ölkə vətəndaş müharibəsi həddinə çatmış, yenicə bərpa edilmiş müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üz üzə qalmışdı.
Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd xalqın arzu və istəklərinin təcəssümü idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladığı bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Təbii ki, Ümummilli lider ölkənin , xalqın ağır vəziyətinə biganə qala bilməzdi.
1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq, ən şərəfli səhifələrindən biridir. Yeni Azərbaycan Partiyası yaranandan təxminən altı ay sonra partiyanın yaradıcısı və sədri Ümummilli liderimiz Heydər Əliyev xalqın istəyi və təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Əvvəlcə ölkədəki böhran, qeyri-sabitlik aradan qaldırıldı, aparılan geniş və hərətəfli islahatlar, düşünülmüş siyasət böyük inkişafın başlanğıcı oldu. Bu düşünülmüş, uğurlu siyasət nəticəsində böyük nəticələr əldə olundu. Məhz bu möhtəşəm siyasət nəticəsində Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu. Hər bir vətəndaş razılaşar, qəbul edər ki, Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilatdır.
1992-ci ildə 550 nəfərlə öz təsis konfransininı keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 770 mindən artıq partiya üzvü birləşir.Yarandığı gündən xalqa xidmət edən Partiyamız öz fəaliyyəti ilə xalqın sevgisini, etimadını qazanıb. Azərbaycan xalqı ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasını yekdil formada dəstəkləməklə bunu hər dəfə nümayiş etdirir.
Yeni Azərbaycan Partiyasının həyatında baş verən mühüm hadisələrdən biri partiyanın VII qurultayı olmuşdur. 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda partiyamızın sədri, Prezidentimiz İlham Əliyev ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.
Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.
VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmiş, partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.
Bu gün YAP-ın yaranmasından 30 il keçir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”.
Yeni Azərbaycan Partiyası 30 il ərzində keşməkeşli, mürəkkəb eyni zamanda şərəfli yol qət edib. Partiyanın üzvü olaraq qürur və fəxrlə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz yol bizi inamla xoşbəxt gələcəyə aparır.
Baxış sayı: 11