Çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsi » devlet.info.az
Xəbərlər



Çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsi
Çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsi
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov

Məlum olduğu kimi , Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci il fevralın 4-də keçirilib.
Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi həm region, həm də bütün Avropa üçün ən əhəmiyyətli təşəbbüslərdən sayılır.
Bu mühüm əməkdaşlıq formatı Azərbaycanın artan nüfuzunun və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Bəllidir ki, Rusiya ilə dərinləşən qütbləşmə və artan gərginlik fonunda Avropa İttifaqı enerji təhlükəsizliyi böhranı yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət nəticəsində formalaşan etibarlı tərəfdaş imici, zəngin ehtiyatlar və yaradılan şaxələndirilmiş enerji infrastrukturu bu mənada Azərbaycanı Avropa üçün ən optimal ümid yerinə çevirir. Mövcud əməkdaşlıq formatı isə Azərbaycanı Avropa İttifaqı və birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bununla da milli təhlükəsizliyində söz sahibinə və ciddi təsir imkanlarına malik qütbə çevirir. Bir sözlə, Azərbaycan bu gün Avropa dövlətlərinin özünün müstəqillik və süverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında bir daha səsləndirilib. İclaslarda Rumıniya prezidenti Klaus Yohannisin Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.
Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsi ilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Dövlət başçımızın bu barədə dəfələrlə çıxışlarında səsləndirildiyi kimi, Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkələrinə qaz ixrac edir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının iştirakçılarına nəzər yetirdikcə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu əməkdaşlıq formatı artıq çoxtərəfli əməkdaşlığın uğurlu bir nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Prezident İlham Əliyev çıxışında da bu məqama toxunaraq bildirdi ki, bizim təbii qaz ixracımız artır. Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik.
Dövlətimizin başçısı çıxışının sonunda əmin olduğunu bildirdi ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq və gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşdə yeni nailiyyətlər barədə danışılacaq.
Baxış sayı: 26