Milli ruhumuzu, yaddaşımızı yaşadan bayram » devlet.info.az
Xəbərlər



Milli ruhumuzu, yaddaşımızı yaşadan bayram
Milli ruhumuzu, yaddaşımızı yaşadan bayram

YAP Göyçay rayon təşkilatının fəalı Gülşən Muradova
Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Bu baxımdan ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələni xüsusi qeyd etmək olar. Belə ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Ulu öndər hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməklə yanaşı, həmçinin ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşadırdı.
Dahi şəxsiyyət Heydər Əliyev çıxışlarında bayram barədə belə söyləyirdi: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdr...
Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur - bəzən xüsusi, siyasi məqsədlərlə - hamı bunu bayram edib. Amma Novruz bayramının fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu, ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəli gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır”.
Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Ölkəmizdə hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir ümumxalq bayramı təsəvvür etmək belə çətindir. Xalqımız Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı adlandırılan çərşənbələrin keçirilməsinə belə xüsusi həssaslıqla yanaşır və onların hər birini sevinclə qeyd edir. Tarixi min illərlə ölçülən, özündə milli adət-ənənələrimizi yaşadan Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəmliyi ilə seçilir.
Dövlət başçısı İlham Əliyev Novruzu hər bir azərbaycanlının daxili aləmində ən ülvi niyyətlərin və saf duyğuların yer tutduğu bayram kimi qiymətləndirir: “Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır. Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir”.
Onu da xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə yürüdülən məqsədyönlü və ardıcıl siyasət mənəvi sərvətlərimizin təbliğində də bariz şəkildə özünü göstərir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində 2009-cu il sentyabrın 30-da xalqımızın əziz bayramı Novruz YUNESKO tərəfindən qeyri-mədəni irs siyahısına daxil edilib, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Bununla da, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilib.

Artıq bu il üçüncü ildir ki, işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda Novruz tonqalı yandırılır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimiz bizi arzularımıza, böyük məsləkimizə qovuşdurdu. İşğaldan azad olunan əzəli torpaqlarımızda Novruz bayramımızı qeyd edirik. Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılır, tonqallar qalanır. Ötən il Prezident İlham Əliyevin Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması hər birimizi qürurlanırdı. Dövlət başçısı müraciəti zamanı "2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq" - deyə bildirmişdi: "Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir".
Novruz bayramı münasibətilə xalqımızı təbrik edir, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Baxış sayı: 31