Beynəlxalq təşkilatların susması Ermənistanı cəsarətləndirir - Rufiz Hafizoğlu » devlet.info.az
Xəbərlər



Beynəlxalq təşkilatların susması Ermənistanı cəsarətləndirir - Rufiz Hafizoğlu
Beynəlxalq təşkilatların susması Ermənistanı cəsarətləndirir - Rufiz Hafizoğlu

Qarabağda erməni terrorunun başladığı gündən etibarən onlarla Azərbaycan jurnalisti bu terrorun qurbanı olub.

Azərbaycan ərazisində hərbi cinayətlər törətməsi beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığı üçün Ermənistan hələ də bu cinayətlərə davam etməkdədir.

Dünən Kəlbəcər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində Azərtac İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak oldular.

Daha əvvəl də AZTV və İTV-nin jurnalistlərini daşıyan avtomobil ermənilər tərəfindən gülləbaran edilmişdi.

Təəssüflər olsun ki, hadisədən bir gün keçməsinə baxmayaraq, heç bir beynəlxalq qurumdan Ermənistanı pisləyən açıqlama yoxdur. Bu günə qədər heç bir münaqişənin, o cümlədən Qarabağ münaqişəsinin həllində rolu olmayan ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Tereza Ribeyro Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı sadəcə başsağlığı ilə kifayətlənib: "Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir. Mən onların yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm".

Açıqlamada Ermənistanı qınayan bir söz belə işlədilməyib.

Ribeyrodan fəqli olaraq “Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya şöbəsinin direktor müavini Giorgi Qoqia “ Azərbaycanda Kəlbəcər yaxınlığında tank əleyhinə minanın vurduğu üç mülki şəxsin öldüyü bildirilir. Mina yeni basdırılıbsa və birbaşa mülki əhalini hədəf alıbsa, bu xüsusi narahatlıq doğurur. Minalar mülki əhali üçün davamlı təhlükə mənbəyidir və münaqişə sonrası bərpa işlərinə mane olur” - deyib.

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç tvitter hesabından etdiyi açıqlamada “Kəlbəcərdə ikisi jurnalist olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş mina partlaması Qarabağdakı münaqişənin təsirinə məruz qalmış ərazilərin beynəlxalq əməkdaşlıq yolu ilə minalardan təmizlənməsinə təcili ehtiyacın olduğunu göstərir”, – deyə bildirib.

Göründüyü kimi baş verən hadisə ilə bağlı beynəlxalq təsisatlardan gələn heç bir açıqlamada Ermənistanı qınayan bir cümləyə də rast gəlinmir.

Bəynəlxalq təşkilatların baş verən hadisəyə laqeyd münasibəti Ermənistanı daha da arxayınlaşdırır və cəsarətləndirir. Protokol xatirinə verilmiş bəyanatların isə terrorun dövlət siyasəti olduğu Ermənistan üçün heç bir əhəmiyyəti yoxdur.
Baxış sayı: 6