“Əminəm ki, Azad Rəhimovun başlatdığı işi o, uğurla davam etdirəcək” – Deputatdan AÇIQLAMA » devlet.info.az
Xəbərlər



“Əminəm ki, Azad Rəhimovun başlatdığı işi o, uğurla davam etdirəcək” – Deputatdan AÇIQLAMA
“Əminəm ki, Azad Rəhimovun başlatdığı işi o, uğurla davam etdirəcək” – Deputatdan AÇIQLAMA

“Gənclərin fəaliyyətində ən böyük problem işə qəbul olarkən təcrübə tələb edilməsidir.Təsəvvür edin, 22-23 yaşlı istedadlı bir gənc işə qəbul olmaq üçün hansısa idarəyə müraciət edir, lakin onun iş qabiliyyətinə baxılmadan ondan iş təcrübəsi tələb olunur. Şirkətlər təcrübə tələb etməkdənsə, özü həmin o istedadlı kadr üçün təcrübə şəraiti yaratmalıdır. Mən bir dəfə bu məsələni plenar iclasda qaldırmışdım. Məsələ çox böyük ajiotaj yaratmışdı”.

Bu fikirləri açıqlamasında millət vəkili Vüqar İskəndərov son zamanlar gənc nəslin üzləşdiyi bəzi problemlərdən danışarkən deyib.

Onun sözlərinə görə, hər bir şirkət yeni kadrlarını sıfırdan özü yaratsa daha keyfiyyətli olar.

“Mən düşünürəm ki, hər bir sahədə əsl mütəxəssis yetişdirmək daha yaxşı seçimdir. Burada onun əsl əziyyəti olacaq, həm də kiminsə formalaşmasında böyük rol oynayacaq. Bu çox ciddi məsələdir”.

Deputat cəmiyyətdə bütün sahələrdə gənclərə qarşı daha da diqqətli olmağın vacibliyini də vurğulayıb. O, qeyd edib ki, hər bir gənc öz zəmanəsinin seçimidir.

“1970-ci illərdə gənc olan insan indi artıq yaşlıdır və o da indi olan gənc nəsli bəyənmir. Bu proses min illərdir gedir. Əslində isə biz gənc nəslə öz istədiyimiz kimi yol göstərib, doğrularımızı onlara qəbul etdirməkdənsə, gənclərə dəstək olub, şərait yaratsaq daha yaxşı olar. Heç bir gənc diqqətdən kənar qalmamalıdır. Çünki həyatda fiziki ölümdən başqa mənəvi ölüm var. Bir insan lazımsız olduğunu hiss etdikdə mənəvi yox olur, bu isə daha ağır faciədir. Ona görə, hər bir gənc cəmiyyətə lazımlı olduğunu anlamalıdır. Biz çalışmalıyıq ki, bütün sahələrdə çalışan gənclərə dəstək verək. Düzdür, dəstək hər bir yaş kateqoriyasından olan insana lazımdır. Ancaq gənclər formalaşdıqları, daha enerjili olduqları üçün buna daha böyük ehtiyacları var. Bugünün gənci sabahın, dövlətin gələcəyidir”.

Millət vəkili həmçinin dövlətin gənclərə göstərdiyi xüsusi qayğıdan da danışıb. V.İskəndərov gənclərin inkişafı üçün xüsusi dövlət siyasətinin olduğunu da dilə gətirib.

“Gənclərin inkişafı, onların problemlərini həll etmək, ümumiyyətlə bütün sahələrdə onlara dəstək olmaq üçün nazirlik, müxtəlif təşkilatlar, QHT-lər fəaliyyət göstərir. Dövlət tərəfindən bu sahədə demək olar ki, heç bir problem yoxdur. Biz gənclər siyasətində bir çox dövlətlərə örnək ola bilərik. Eyni zamanda cəmiyyət, icmalar da gənclərlə bağlı yürüdülən siyasətə qoşulmalıdır. Heç kim bu məsələ də kənarda qalmamalıdır”.

Deputat bu nəslin yetişməsində təhsilin böyük önəm daşıdığını da bildirib. O, qeyd edib ki, bir gəncin yetişməsində də başlanğıc nöqtə təhsildir.

“Hər bir uğurun başında təhsil durur. Neçə- neçə gənclərimiz xaricdə təhsil alırlar. Onlar xalqın gələcəyi üçün yatırımdır. Çünki onların orada əldə etdikləri biliklər dövlətin hər bir sahəsində bizi inkişafa aparır və aparacaq. Hər bir gəncin borcu biliklərini vətəni üçün sərf etməkdir”.
Vüqar İskəndərov Azərbaycanda gənclər siyasətində mühüm töhvələri olan, bu sahədə önəmli layihələrə imza atan, mərhum Gənclər və İdman naziri Azad Rəhimovdan da söz açıb. Deputat onun itkisini böyük ürək ağrısı ilə yad edib.

“Gənclər siyasətindən söz düşmüşkən mərhum nazirimiz Azad Rəhimovun adını çəkməmək günah olar. Azad müəllim uzun müddət bu sahədə böyük işlər görmüş bir şəxsdir. Allah ona qəni-qəni rəhmət etsin. Onun rəhbərliyi zamanı bu sahədə çox böyük uğurlar olub. İstər mədəniyyət istərsə də digər sahələrədə gənclər üçün bir çox uğurlu layihələrə imza atıb”.

Sonda millət vəkili tezliklə nazir postuna Azad Rəhimovun başlatdığı uğurlu gənclər siyasətinin davam etdirəcək, layiqli bir insanın təyinat alacağına inandığını bildirib.

“Hazırda Nazirlikdə rəhbər postu boşdur, buna görə də cəmiyyətdə bu vəzifəyə müxtəlif insanlar namizəd göstərilir. Bu elə bir sahədir ki, bura yeni təfəkkürlü bir insanın rəhbərlik etməsi daha doğru olar. Mən əminəm ki, Cənab Prezident İlham Əliyev o posta layiqli bir insanı təyin edəcək. Həmin şəxs də Azad Rəhimovun başlatdığı işi uğurla davam etdirəcək”.
Baxış sayı: 25