2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI » devlet.info.az
Xəbərlər



2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI

Operativ məlumata əsasən 2021-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18947,9 mln. manat təşkil etməklə, 17711,9 mln. manat xərclərindən 1236,0 mln. manat artıq olub.

Bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat verir.

Məlumata görə, dövlət büdcəsinin gəlirləri 18818,5 mln. manat proqnoza qarşı 17871,6 mln. manat və ya 95,0 faiz icra olunub.

Cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6354,4 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1066,7 mln. manat və ya 20,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 mln. manat və ya 12,0 faiz çoxdur. Həmin vəsaitin 73,9 faizi və yaxud 4692,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 mln. manat və ya 10,4 faiz çox olub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3193,2 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 352,2 mln. manat və ya 12,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238,0 mln. manat və ya 8,1 faiz çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7309,7 mln. manat və ya proqnoza nisbətdə 1840,3 mln. manat (20,1 faiz) az vəsait daxil olub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 11,5 mln. manat vəsait daxil olmaqla proqnoza 140,2 faiz əməl edilmiş, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,4 mln. manat və ya 42,0 faiz çox olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 454,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,2 mln. manat və ya 21,4 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 308,7 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza qarşı 162,1 mln. manat və ya 2,1 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 206,7 mln. manat və ya 3,0 dəfə çoxdur.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240,0 mln. manat vəsait transfert olunub.

Maliyyələşmə əməliyyatları üzrə 1076,3 mln. manat vəsait cəlb edilmişdir. Bunun 813,2 mln. manatı dövlət borclanması, 205,0 mln. manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 mln. manatı isə özəlləşmədən daxilolmalar hesabına təmin edilib.
Baxış sayı: 11