Biləsuvar 18 yaşlı şəhidini yad etdi » devlet.info.az
Xəbərlər



Biləsuvar 18 yaşlı şəhidini yad etdi
Biləsuvar 18 yaşlı şəhidini yad etdi

Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Mirişli Şəhriyar Bəxtiyar oğlunun anım mərasimi keçirilib.

Mərasimdə iştirak edən Biləsuvar rayon rəhbərliyi və ictimaiyyəti nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.

Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olub. Daha sonra Biləsuvar şəhər qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, əziz ruhuna dualar oxunub.

Qeyd edək ki, Mirişli Şəhriyar Bəxtiyar oğlu 2002-ci ildə Biləsuvar şəhərində anadan olub. Doğulduğu ailənin böyük oğlanları - Mahir və Araz həqiqi hərbi xidmətləri zamanı Aprel döyüşlərində iştirak ediblər. Digər qardaşı Ağacəver hazırda müddətdən artıq xidmən edən hərbi qulluqçudur, o, da vətən torpaqlarının işğaldan azad olunmasında qəhrəmanlıqla döyüşüb.

Şəhriyar Vətən müharibəsi başlayanda həqiqi hərbi xidmətinin altıncı ayını başa vurmuşdu. Qorxmazlığı və çevikliyinə görə XTQ-də xidmətə götürülən Şəhriyar Cəbrayıl və Füzuli rayonları uğurunda gedən döyüşlərdə şücaət göstərib.

Laçın rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbristanlığında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Ş. Mirişli "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!
Baxış sayı: 17