VIII Qlobal Bakı Forumunda “Yeni dünya iqtisadiyyatı” mövzusu müzakirə olunur » devlet.info.az
Xəbərlər



VIII Qlobal Bakı Forumunda “Yeni dünya iqtisadiyyatı” mövzusu müzakirə olunur
VIII Qlobal Bakı Forumunda “Yeni dünya iqtisadiyyatı” mövzusu müzakirə olunur

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilir. Hibrid formatda təşkil edilən beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın nüfuzlu qonaq iştirak edir. Onların arasında ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, siyasətçilər, politoloqlar, ekspertlər var.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevnelievin moderatorluğu ilə keçirilən panel iclasda COVID-19 pandemiyasının dünya iqtisadiyyatına mənfi təsiri və onun fəsadları məsələləri müzakirə olunur.

“Yeni dünya iqtisadiyyatı” panelinin əsas məruzəçisi qismində Dünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala çıxış edir.

Məruzəçilər Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İsrailin sabiq Baş naziri Ehud Barak, Monteneqronun sabiq Baş naziri İqor Luksiç, Rumıniyanın sabiq Baş naziri Petre Roman, İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi və Ekvadorun sabiq Prezidenti Rosalia Arteaqo Serrano COVID-19 pandemiyasının mənfi təsirləri barədə fikirlərini bölüşəcək, dünya ticarətini böhrandan çıxarmağın yolları barədə münasibət bildirəcəklər.

VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.
Baxış sayı: 224