Rəşt-Astara dəmiryolu layihəsi İran və Azərbaycan üçün əhəmiyyətlidir - Nazir » devlet.info.az
Xəbərlər



Rəşt-Astara dəmiryolu layihəsi İran və Azərbaycan üçün əhəmiyyətlidir - Nazir
Rəşt-Astara dəmiryolu layihəsi İran və Azərbaycan üçün əhəmiyyətlidir - Nazir

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolu layihəsi İran və Azərbaycan üçün çox əhəmiyyətlidir.

Bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

R.Qaseminin sözlərinə görə, bu dəmiryolu önəmli beynəlxalq dəhlizlərdən birində (Şimal-Cənub Dəhlizi) yerləşir: "Azərbaycan nümayəndə heyətinin Tehrana səfəri çərçivəsində bununla bağlı nəticənin əldə olunması üçün müzakirələr aparılacaq".

İranlı nazir qeyd edib ki, İran Astarasında dəmiryolu terminalının inşa olunması üçün investisiya yatırılıb. Bu terminalın bir hissəsi inşa olunub və qalan hissəsinin inşa olunması üzrə yekun qərar Astarada keçiriləcək iclasda veriləcək. Bu iclasdan sonra Bakıda iki ölkənin birgə komissiyasının iclası təşkil olunacaq:

"Naxçıvan-Məşhəd sərnişin qatarı, nəqliyyat, tranzit əməkdaşlıqları üzrə iki ölkə arasında müzakirələr aparılacaq. İki ölkə arasında hərəkət edən yük maşınlarının sayı artırılacaq. Fars körfəzindən Qara Dənizədək dəhlizin yaradılması barədə anlaşma təyinedici və önəmlidir. Bu və dəniz əməkdaşlığı barədə müzakirələr aparılacaq. Avtomobil nəqliyyatı sektorunda iki ölkə arasında mövcud bəzi maneələrin aradan qaldırılması istiqamətində razılaşma əldə olunacağına ümid edirəm".

İranlı nazir qeyd edib ki, İran Azərbaycana "CKD" formasında avtomobil ixrac edir. Ötən ildə ixrac olunan 400 avtomobil, cari ildə 1,4 mindən çox avtomobilə yüksəlib. "Irankhodro" Avtomobilqayırma Şirkəti bu həcmdə avtomobilin 30%-ni Azərbaycanda istehsal etməyə hazırdır.

Onun sözlərinə görə, Azərbaycanda İranın avtomobilqayırma sahəsinin inkişaf etdirilməsi, birgə avtomobillərin istehsal olunaraq qonşu ölkələrə ixrac olunması barədə müzakirələr aparılacaq. "Irankhodro" Avtomobilqayırma Şirkəti Azərbaycanda müxtəlif yük maşını və avtobuslar istehsal etmək niyyətindədir. Müxtəlif İran şirkətləri Azərbaycanda yol və şəhərsalma sahəsində bir sıra birgə layihələri icra edə bilərlər:

"İran Azərbaycanla ticarət dövriyyəsinin maksimuma yüksəlməsini istəyir. Bir sıra razılaşmalar əldə etmək istəyirik ki, növbəti komissiyanın iclasında imzalansın".
Baxış sayı: 7