Yeni Suraxanı qəsəbəsində məhəllədaxili yollar təmir edilir » devlet.info.az
Xəbərlər



Yeni Suraxanı qəsəbəsində məhəllədaxili yollar təmir edilir
Yeni Suraxanı qəsəbəsində məhəllədaxili yollar təmir edilir

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 14 iyul küçəsindən ayrılan məhəllədaxili yollarda 3 və 5-ci döngələr üzrə aparılan təmir işləri yekunlaşır.

Agentlikdən bildirilib ki, uzunluğu 1000, eni isə 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçələrin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yollara yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.
Baxış sayı: 9