Təhsilin bitməyən problemi - 6 mindən çox sinifdə müəllim olmayacaq » devlet.info.az
Xəbərlər



Təhsilin bitməyən problemi - 6 mindən çox sinifdə müəllim olmayacaq
Təhsilin bitməyən problemi - 6 mindən çox sinifdə müəllim olmayacaq

Bir müddət öncə ümumtəhsil məktəblərində tutulmayan vakant müəllim yerlərinin sayı açıqlandı. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli qeyd etdi ki, vakansiyaya 9805 yer çıxarılıb, lakin həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı təxminən altı min nəfər olub. Tutulmayan vakant yerlər isə dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir.

Üç min vakant yerin olması məktəblərdə tədris prosesinə necə təsir edəcək?

Məsələ ilə bağlı sualı cavablayan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, bu il müəllimlərin işə qəbul imtahanında(MİQ) edilən struktur və məzmun dəyişikliyi baxmayaraq ki, daha çox əlçatanlığın və keyfiyyətin yüksəlməsinə yönəlmişdi, özündə müsbət çalarlarla bərabər ciddi problemləri də üzə çıxardı.

“Ona görə indiyə qədər 3 mindən çox vakant yer tutulmayıb ki, imtahanda yüksək bal toplayan şəxslər gözləyirlər ki, digər vakant yerlər çıxsın. Çünki bəzən görürük ki, vakant çıxan yerlər kənar yerlər olur, o qədər də mərkəzi yerlər olmur. Lakin sonradan oktaybr-noyabr aylarında daha mərkəzi yerlərdə, yaxşı dərs saatları ilə siniflər ortaya çıxır. Müəllimlər illərin təcrübəsinə malikdirlər və düşünürlər ki, sonraki gedişatda yaxşı yerlər ortaya çıxacaq və onlar həmin yerlərə qəbul ola biləcəklər. Kifayət qədər boş yerin qalmasının, tutulmamasının əsas səbəbi çıxarılan vakant yerlərin mərkəzdən uzaq olması, dərs saatlarının az olmağı ilə bağlıdır. Çünki bölgələrə gedən müəllimlərin aldığı əməkhaqqı ehtiyaclarını ödəmək üçün yetərli olmur. Bu ən ciddi faktorlardan biridir. Hesab edirəm ki, edilən dəyişiklərə düzəliş olunmalıdır. Sonradan ortaya çıxacaq vakant yerlərə qəbul məsələsinə xüsusən diqqət eləmək lazımdır. 3 mindən çox müəllim yerinin tutlmaması ən azı 6 mindən çox sinifdə müəllim olmayacağı deməkdir. Bu da bizim ciddi problemlə üzləşməyimizə gətirib çıxara bilər. Müəllimlər əgər getmirlərsə, həmin məktbələrə qeyri-ixtisas müəllimlərini götürmək olar. Məsələn azərbaycan dili müəllimi çatışmırsa, filologiya məzunlarını, ingilis dili çatışmırsa, tərcüməçiləri və s götürmək olar. Yəni həmin ixtisasa yaxın olan digər ixtisas sahiblərini də imtahanlara cəlb etsək, bu problem bir mənalı şəkildə ortadan qalxar”,- deyə K. Əsədov bildirib.
Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə Trend-in sualını cavablayarkən bildirib ki, məktəblərdə kifayət qədər müəllim var. Amma vakant yerlər boş qalanda təbii ki, o dərslər həmin ixtisas və ya yaxın ixtisasla üzrə çalışan müəllimlər arasında bölünür.

“Əlbəttə daha yaxşı olardı ki, həmin vakant yerlər tutulsun. Xüsusilə MİQ imtahanda müvəfəqqiyət qazanan insanlar tərəfindən tutulsun. Səbəblərdən biri odur ki, məsələn Tovuzda ucqar bir kənddə 6 vəya 10 saatlıq vakant yer mövcuddur. Amma həmin yerə Lənkərandan bir müəllim düşür və o bundan imtina edir. Beləliklə həmin yeri nazirlik növbəti mərhələdə vakansiyaya çıxarır. Bir çox hallarda görürük ki, vakant yer tutulur, lakin dərs başlayan zaman bu yerdən imtina edilir. Əlbəttə ki, bu kimi hallar bizim məktəblərimizdə müşahidə olunur. Bu kimi halların baş verməməsi üçün nazirlik tərəfindən hansısa alternativ yollar ortaya qoyulmalıdır. Bu həqiqətən ciddi bir problemdir və çıxış yolları araşdırıb tapmaq lazımdır”, – deyə İ. Orucov əlavə edib.
Baxış sayı: 26