Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər » devlet.info.az
Xəbərlər



Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər
Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər

Həyat qəribə və bir o qədər də gözlənilməz hadisələri ilə adamı təccübləndirir. Belə hadisələrdən birini ötən ilin elə belə bir payız vədələrində yaşamışdım. Sosial şəbəkələrdə, xüsusilə İnstagram və Facebookdakı məşhur xəbər səhifələrəndə manşetə çıxarılmış bir video mənim də diqqətimi çəkmişdi. Həmin xəbərin mahiyyəti belə idi ki, 4 yaşlı balaca bir qız Göyçay rayon icra başçısının önünü kəsərək şeir söyləməyə başlayır. Məsələ bunda deyil. Həmin videogörüntülərə rəy yazanlar – minlərlə sosial şəbəkə istifadəçiləri hərəsi öz düşüncəsiylə bu balacanın jestinə müxtəlif prizmadan yanaşmışdılar. Qeyri-ixtiyari mən də o xəbər sujetinə baxdım və olduqca heyrət içərisində videonu dəfələrlə izlədim. Həm də kövrələrək. Çünki hələ adını da bilmədiyim bu balaca qızın söylədiyi həmin bir bəndlik şeirin müəllifi mən idim. 2020-ci ilin 44 günlük zəfərindən sonra qələmə aldığım “Haqqınızı halal edin, şəhidlər” şeirim həmin ilin dekabrında “525-ci qəzet”də nəşr olunmuşdu. Şeirin Göyçayda yaşayan bu balacaya necə gedib çatması, onun bu şeiri necə əzbərləməsini isə sonralar biləcəkdim.
Belə ki, 2021-ci ilin əvvəllərində filologiya üzrə fəlsəfə doktoru, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Təranə Məmmədqızı “Göyçayın Qarabağ sevdalıları” adlı kitab nəşr etdirib və burada Birinci və İkinci Qarabağ Müharibəsində şəhid olan göyçaylılar haqqında ətraflı məlumatlar təqdim olunub. Bu balaca qızın atası da həmin şəhidlər sırasında olan Toğrul Siyavşah oğlu Hacıyevdir. Və müəllif Toğrul haqqında yazdığı yazının sonuna “525-ci qəzet”də nəşr olunan həmin şeirimi də əlavə edib. Beləliklə atasının şəkli olan həmin yazıya baxan balaca qız hər dəfə anası tərəfindən oxunan zaman şeirin ilk bəndini əzbərləyir. 2021-ci ilin oktyabr ayında da Göyçayın şəhidliyə ucalan övladlarının anım ildönümlərində iştirak edən rayonun o vaxtkı icra başçısı Mehdi Səlimzadənin növbəti tədbirdəki çıxışı zamanı heç kimin gözləmədiyi anda bu balaca qız bir neçə addım önə çıxır və həmin şeirin ilk bəndini deməyə başlayır:
Şəhidlər qoymadı ensin bu bayraq,
Hər dalğası bir şəhidin ruhudur.
Vətən iman yerim, vətən inancım,
Bu vətən savaşı xalqın ruhudur.
...Həmin video haqqında əhatəli məlumat verdikdən sonra hadisələrin sonrakı axarından söz açmaq istəyirəm. Hər bir şair üçün onun yaşından asılı olmayaraq şeirini ifa edən oxucu dəyərli birinə çevrilir. Videodakı o qız da mənim üçün çox dəyərli biri olmuşdu. Və onu axtarmağa başladım. Əvvəlcə videoların altında yazılmış şərhlərə baxdım. Bəlkə kimsə adını, soyadı yaza. Tapa bilmədim. Lakin balacanın geyindiyi koftasının önündə şəhid olan atasının şəkli və ad soyadı var idi. Beləliklə Toğrul Hacıyev adından yola çıxaraq sosial şəbəkələrdə axtarışlar apardım və nəhayət Göyçay rayonunun Çayarxı kəndinin şəhidi olmuş Toğrulun anası Reyhan xanımla əlaqə saxlaya bildim. Balacanın da adını öyrəndim: Ləman Toğrul qızı Hacılı.
Bir şeirin vasitəsi ilə Ləmanla ətraflı tanış oldum. Tez-tez danışmağa başladıq. Onsuz da şəhid övladları öz atalarını cənnətə əmanət etdikdən sonra vətənin övladları olurlar, vətənə əmanət edilirlər. Bu mənada Ləmanı öz qızım qədər sevməyə başladım. Bu ilin əvvəlində “Payızda gilənar dadı” adlı şeirlər kitabımda həmin şeir də yer alıb. Aprel ayının 23-də Bakıda kitabımın təqdimatı və imza gününə Ləmanı da dəvət etmişdim. O da Göyçaydan Bakıya anası Gülnarə xanım və nənəsi Reyhan xanımla birlikdə gəlmişdi. Heç kim inciməsin, o tədbirdə mənim üçün ən dəyərli qonaq onlar idi. Şəhid anası, şəhidin həyat yoldaşı və şəhidin bizlərə əmanət qızı. Ləman həmin tədbirdə o şeiri bir daha səsləndirdi. Müəllif kimi gözlərim dolmuşdu. Amma təkcə mən kövrəlməmişdim. Həmin tədbirdə iştirak edən onlarla oxucnun gözləri dolu idi. Açığı tədbirdən sonrakı şəkillərə baxanda gördüm ki, biz millət olaraq, xalq olaraq öz şəhidinə, şəhid övladına həssaslıqla sevgi bəxş edən xalqıq. Çünki o tədbirdə hamı məndən çox Ləmanla şəkil çəkdirmişdi.
İmza günündən sonra Ləmana söz vermişdim ki, səni görməyə gələcəm. Tale elə gətirdi ki, işimlə əlaqədar olaraq Bakıya yolum düşdü. İşlərimi həll etdikdən sonra isə elə bu ayın ilk günündə – oktyabrın 1-də Göyçaya yollandım. Çayarxı kəndinə balaca Ləmanı görməyə getdim. Əvvəlcədən xəbər etdiyim üçün Ləman məni qapıda gözləyirdi. Maşından düşən kimi Ləmanın mənə sarı qaçaraq gəlməsindən sonra özümü saxlaya bilmədim. Göz yaşları içində onu qucaqlayıb bağrıma basdım. Ləman mənim boynuma elə möhkəm sarılmışdı ki, bir anlıq övladın ata boşluğunun ağrısıyla içim göynəməyə başladı.
Həyətə keçib gəlişimdən xəbərdar olan ailə ilə ətraflı tanış olduq. Çay süfrəsi arxasında davam edən söhbət boyu Ləman böyrümə qısılıb məsum və gülərüz siması ilə kövrələn üzümə oğrun-oğrun baxırdı. Özümü bilməməzliyə vursam da Ləmanın baxışları qarşısında özümü toxtaq tutaraq mən də ona gülərüzlə cavab verməyə başladım.
4-5 saatlıq ziyarət əsnasında xeyli söhbət etdim bu ailə ilə. Evin ağsaqqalı Siyavşah kişi digər şəhidlərin ildönümü ilə bağlı qonşu kəndə getdiyindən bir saat sonra gəldi. Bu vaxta kimi şəhid Toğrul Hacıyevin anası Reyhan xala oğlundan təmkinlə bəhs edir, əmisi Zavur qardaşıoğlu haqqında ürək dolusu təəssüratlarını dilə gətirir, orta məktəb müəlliməsi olmuş Səlahət xanım Toğrulun cəldliyi, qorxmazlığı, mərdliyi barədə fikirlərini bildirir. Bacısı Arzunun uzaqlara tikilmiş səssiz baxışları, həyat yoldaşı Gülnarənin bir tərəfdəki müşahidələri dqqətimdən yayınmır. Bu aralıqda şəhidimizin 3 yaşlı oğlu Tunarın özünəməxsus uşaq şıltaqlığnı bəhanə edib gülməyə də çalışırdıq.
Bu söhbətlərdən öyrəndim ki, Toğrul 1991-ci il fevral ayının 4-də Göyçay rayonunun Çayarxı kəndində dünyaya gəlib, 1997-ci ildə Çayarxı kənd məktəbinin birinci sinifinə gedib. 2006-cı ildə həmin məktəbin 9-cu sinifini bitirdikdən sonra Göyçay rayon 106 nömrəli peşə məktəbində təhsilini davam etdirib. 2009-cu ildə peşə məktəbini bitirərək hərbi xidmətə yollanıb. 2010-cu ilin oktyabr ayında hərbi xidməti başa vurub. 2015-ci ildə ailə həyatı quran Toğrulun 2017-ci ildə qızı Ləman, 2019-cu ildə isə oğlu Tunar dünyaya gəlib.
Səlahət müəllimə deyir ki, Toğrul olduqca zaraftcıl biri idi, deyib-gülməyi, gəzintiyə çıxmağı sevərdi.
Zavur əmisi söhbətə qoşularaq Toğrulun İkinci Qarabağ Müharibəsinə yollanmasından bəhs edir: Toğrul 2020-ci ilin sentyabr ayının 29-da səfərbərliyə alınaraq cəbhəyə göndərilib, kəşfiyyat-həmlə qrupunun tərkibində döyüşlərə qatılıb. Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı uğurunda gedən döyüşlərdə igidliklə vuruşub, bu istiqamətlərdəki bir çox kənd və qəsəbənin düşməndən azad edilməsində qəhrəmanlıq göstərib. Toğrul Hacıyev oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Bir gün sonra isə – oktyabrın 26-da doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Toğrul Hacıyev ölünüdən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Siyavşah dayı gələndən sonra nahar süfrəsi arxasında söhbətimiz elə bu axarda davam etdi. Hətta gəldiyimi xəbər etdiklərindən Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri, Birinci Qarabağ Müharibəsində şəhid olmuş kəşfiyyat komandiri Vilayət Rüstəmovun oğlu, özü də müharibə iştiraçısı olan Eldəniz Rüstəmov da bizə qoşuldu. Göyçayın Qarabağ sevdalılarından, bu rayonda şəhid ailələrinin tale birliyindən, qismət ortaqlığından söhbət açdıq.
Qonaq olduğum evin bir otağı Toğrula ayrılıb. Otağın hər tərəfindən şəhidin şəkilləri boylanır. Xatirə əşyaları, ailəsi ilə birlikdə çəkilmiş şəkillər və daha nələr, nələr. Bu şəkillərin hər birindən gülərüzlü bir igidin boylandığını aydınca görmək olur. İcazə istəyib bu otaqda şəkillər çəkdirirəm. Ləmansız olmaz təbii ki.
Ev əhlindən icazə istəyib şəhidimizin kənd qəbiristanlığındakı məzarını ziyarətə yollanıram. Şəhidin əmisi Zavur Hacıyev mənə yoldaşlıq edir. Yol boyu Toğrulun uşaqlığından, yeniyetməlik illərindən danışırıq. Evlərinin yaxınlığındakı traktoru göstərib deyir ki, Toğrulun traktorudur. Əkin-biçində çalışıb ailəsini dolandırırdı.
Göyçay rayonu Çayarxı kənd qəbiristanlığında Toğrul Siyavşah oğlu Hacıyevin əbədi uyuduğu məzarı uzaqdan diqqəti cəlb edir. Bəy otağı kimi bəzədilmiş bu məzar qarşısında dayanıb ruhuna dualar oxuyuruq. Başdaşından boylanan təbəssümlü çöhrəsində cənnətə qovuşmağın sevinci var. Ailəsinin də, elə bizlərin də tək təsəllisi odur ki, Toğrul əbədi dünyasında xoşbəxtlər sırasındadır. Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun dediyi kimi “Sana ağuşunu açmış duruyor peyğamber”.
Qəbiristanlıqdan qayıdarkən yolun sağında kənd baxçasını göstərir Zavur. Deyir Toğrulun adı verilib. Maşını saxlamasını xahiş edirəm. Enib baxçanın həyətində güllərin ətrafında gəzişirəm. Baxça ilə maraqlanıram. Eşitdiklərimdən bir məqam məni təəssüfləndirir. Bir şəhidin adını daşıyan balaca bir baxçanın istilik sistemi yoxdur. Balacalara qayğı göstərilən, onların gələcəyini həm maddi, həm mənəvi anlamda sağlam şəkildə böyütmək üçün tikilmiş baxçanın istilik sisteminin olmaması uşaqların payız-qış mövsümündə olduqca çətinlik çəkəcəklərindən xəbər verir. Ümid edirəm ki, rayonun yeni rəhbərliyi bu kiçik problemi qısa vaxtda həll etmək üçün lazımi tapşırıqları verəcək.
Yenidən şəhidimizin doğulduğu həyətə qayıdırıq. Çay süfrəsi arxasında bir saat da ailə ilə söhbət edirik. Mənim isə fikrim Ləmanın yanındadır. Diqqəti daim üzərimdədir. Sanki baxışları ilə getməyimi istəmədiyini deyir. Hisslərim məni yanıltmır və ona da mənimlə birlikdə Bakıya getməyi təklif edirəm. Bu sözə bəndmiş kimi Ləman da sevincək babasının, nənəsinin üzünə baxır. Son söz onlarındır. “Baxarıq”,–deyir Siyavşah dayı. Mən isə hamı ilə sağollaşıb Göyçay rayon mərkəzinə üz tuturam. Buradakı Şəhidlər Xiyabanını ziyarət edir, Əli Kərim adına Göyçay Şəhə Parkını gəzirəm. Şəhidlər xiyabanında hər şəhidin adına əkilmiş ağacların arasında Toğrul Hacıyevin adını axtarır gözlərim. Tapıb həmin ağacın dibinə su tökürəm.
Göyçaylı şair dostum Aqil Kəngərli ilə parkda çay süfrəsi arxasında ədəbi söhbətimiz zamanı zəng gəlir və bu zəng məni olduqca sevindirir. Ləmanın mənimlə Bakıya getməsinə qərar verilib. Göyçay şəhər avtovağzalında Reyhan nənəsi, Gülnarə anası, Arzu bibisi ilə birlikdə Ləman və mən Bakıya yola düşürük. Hava qaranlıqlaşanda Bakıya çatırıq və sabah səhər görüşmək üçün vədələşib sağollaşırıq. Ləman yenə boynumu qucaqlayıb maşının pəncərəsindən əlini yelləyir.
Oktyabrın 2-də səhərdən axşamacan Bakı şəhərində Ləmanla doyunca gəzirik, əylənirik. Bu balacanın yaşadığı sevinc, xoşbəxtlik məni kövrəltsə də Ləmanın timsalında özümü də xoşbəxt sayıram. Təəssüf ki, heç nə daimi deyil və Ləmanla sağollaşıb hərəmiz öz yolumuza üz tuturuq. O, Göyçaya, mən isə Naxçıvana. Amma bir şərt də kəsirik: Yayda Ləman öz doğmaları ilə birlikdə Naxçıvana gələcək, qonağım olacaq və biz Naxçıvanı da doyunca gəzəcəyik.
...Təyyarəyə oturanda vatsapıma mesaj gəlir. Qulaqlığı taxıb səsi dinləyirəm. Ləman anasının telefonundan mənə bu gün üçün öz məsumca təşəkkürünü bildirir: “Elxan müəllim, sənin üçün darıxacam, yenə gələrsən”. Həm özümə, həm də Ləmana söz verirəm: “Yenə görüşəcəyik və səni öz qızımdan heç vaxt ayırmayacam, Ləman!”.
P.S. Ləman indi məktəbin hazırlıq sinifinə gedir. Hərfləri öyrənib artıq. Anası deyir ki, hərdən xəlvətə çəkilib kitabı götürüb “Haqqınızı halal edin, şəhidlər” şeirinin digər bəndlərini də oxuyaraq əzbərləməyə çalışır.
P.S.S. Bu gün Toğrul Hacıyevin torpağa tapşırılmasından 2 il ötür. Ruhun şad olsun, şəhidim!

Elxan YURDOĞLU
01-25 oktyabr,
Göyçay-Bakı-Naxçıvan
Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər

Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər
Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər
Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər
Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər
Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər
Şəhid balaları bizlərə əmanətdir, yaxud şəhid Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfər
Baxış sayı: 73