30 ilini qeyd edən partiyamız » devlet.info.az
Xəbərlər



30 ilini qeyd edən partiyamız
30 ilini qeyd edən partiyamız

Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 cu ildönümü qeyd olunur. Bu 30 il qazanılan uğurların miqyasına görə olduqca zəngin bir dövrdür. Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyasına çevrilməsi qazandığı ən mühüm uğurlardan biridir.
Hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası məhz belə yarandı. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən partiya yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi öndə saxlayaraq milyonların sevgisini qazandı. Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi partiyanın gələcəyinə inamı özündə əks etdirdi. Dahi şəxsiyyət, eyni zamanda, bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.
21 noyabr 1992-ci ildə zamanın tələbi, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqı arxasınca aparır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Qeyd etdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın üzvü birləşdirir ki, onların da 40 faizdən çoxu gənclərdir. Bu rəqəm onu təsdiqləyir ki, partiyada gənclərin öz potensialını ortaya qoymaq üçün geniş imkanlar mövcuddur. Yəni, bu gün partiyanın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün cəlbedicidir.
Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Partiyanın çox qısa zamanda, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi fəaliyyətini daha da genişləndirməsində stimulverici amil oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı, həmin ilin oktyabrında xalqın böyük dəstəyi ilə Prezident seçilməsi həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin əsasını qoydu. Yeni Azərbaycan Partiyasını xalqın partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır. Qeyd etdiyimiz kimi, Azərbaycanın müstəqiliyinin bərpasının 30 ilinə bələdçilik edən partiya müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan nailiyyətlər sayəsində özünə inamı və etimadı gücləndirir.
30 il keçən tarixi vərəqlədikcə, Azərbaycanın qazandığı uğurlarla kifayətlənmədiyini, daim irəli baxdığını görürük. Bu isə öz növbəsində dövrün tələblərinə uyğun təkmilləşməni, yeniləşməni bir çağırış kimi qarşıya qoyur. Bu yeniləşməni Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan ölkədə keçirilən seçki proseslərinə qatıldığı hədəflərdən, şüarlardan da aydın görmək mümkündür. Yeni Azərbaycan Partiyası yaradılanda onun əsas devizi "Yeni müstəqil Azərbaycan uğrunda" idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu uğura imza atdı. Belə ki, Azərbaycan yenidən quruldu, demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu seçdi. Azərbaycan hər addımda bu yolun uğurlarını gördü, irəliyə daha da inamla addımladı.
1993-2003-cü illərdə Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu və gələcəyə xidmət edən siyasəti nəticəsində beynəlxalq təcriddən xilas oldu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmiz haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə yol açmışdı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası onların əsassız iddialarına və dünyanın bu yalanlara inanmasına səbəb olurdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, bu gün tarixə qovuşan Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, həqiqətlərimiz faktlar əsasında dünyaya çatdırılmasın. Onu da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın diplomatik uğurlarının böyük rolu oldu ki, bunun da əsası məhz o illərdə qoyulmuşdu. Ulu öndər Heydər Əliyev erməni yalanlarını faktlar əsasında ifşa etdi və dünya ictimaiyyətinə çatdırıldı ki, aparılan əsassız təbliğatın əksinə olaraq torpaqları işğal edilən, bir milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycandır.
Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi digər sahələrdə, o cümlədən ordu quruculuğunda biri-birindən mühüm addımların atılmasını şərtləndirdi ki, məhz möhkəm təməl tarixi Zəfərimizə gedən yolu addım-addım yaxınlaşdırdı. Azərbaycan Ordusunun gücü, qüdrəti artırıldı, maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü Ordunun olması atılan addımların əsasına çevrildi. Ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən iki və çoxtərəfli əlaqələrin qurulmasını, yeni istiqamətlər üzrə inkişafını əsas amil kimi irəli sürürdü. Məhz 1993-cü ildən qoyulan möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Belə ki, ölkəmizin dostlarının sayı günbəgün çoxalmaqda, beynəlxalq nüfuzu möhkəmlənməkdə, ən əsası söz sahibi kimi yeri və rolunu artırmaqdadır. Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti əsasında haqq səsini dünyaya çatdırdı.
Bütün bu uğurlarda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Partiya hədəflərini ölkəmizin qazandığı uğurların fonunda müəyyənləşdirir, onların reallığa çevrilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edir. Bu gün Yeni Azərbaycan Partiyasının yeni hədəflərə doğru "İlhamla irəli!" çağırışları, seçkilərə bu şüarla qatılması da deyilənlərin təsdiqidir. Partiyanın qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin əsasında Azərbaycanın daha da güclü, qüdrətli dövlətə çevrilməsi, xalqımızın yüksək rifah şəraitində yaşaması dayanır.
Dahi şəxsiyyət Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində yer alan fikirlərə diqqət yetirək: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ümummilli Liderin Azərbaycanın gələcək inkişafının təmin edilməsində xalqa növbəti inamın ünvanını göstərərkən cənab İlham Əliyevlə yanaşı, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, xalqın partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının adını xüsusi qeyd etməsi partiyanın yarandığı gündən sözlə əməl birliyi sayəsində xalqın sevgisini qazanmasından irəli gəldi.
Yubleyin qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu gün münasibətilə sevinir. Ölkəmiz uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atan partiya dünənin, bu günün və sabahın partiyasına çevrilib. Bu Zəfər Azərbaycanın bu illərdə qazandığı nailiyyətlərin, uğurlu inkişaf modelinin məntiqli nəticəsi oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə torpaqlarımızın bütövlüyünü təmin etmiş Lider kimi qızıl hərflərlə yazmaqla Qələbəni yaxınlaşdırmaq üçün gördüyü işlərin yekununu təqdim etdi. Sübut etdik ki, bu torpaqlar bizimdir, gec-tez ərazi bütövlüyümüzü təmin edəcəyik. Amma bunun üçün güclənməli idik. Azərbaycan 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində 2003-2020-ci illərdə daha da inkişaf edərək Qələbəyə yaxınlaşdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı tarix yazdı.
Qazanılan Zəfərin reallıqlarını bu gün vətəndaşlarımız hamılıqla yaşayır. İşğaldan azad edilmiş ərazilərimiz cənnətməkana çevrilir. Bu gün hansı sahəyə diqqət yetirsək, Zəfərimizin nəticələrini görürük. Ötən il yeni reallıqlar əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyev proqram xarakterli nitqində gələcək planları açıqladı. Yeni tərkibin formalaşması, qəbul edilən yeni qərarlar tarixi Zəfərimizin reallıqları əsasında qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə yerinə yetirməyə stimul verir. Bu fikri böyük inamla qeyd edirik ki, görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilib. 800 minə yaxın üzvü olan partiyanın fəaliyyəti bütövlükdə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar Yeni Azərbaycan Partiyasının gələcək inkişaf strategiyasını müəyyən edir. Qurultayda partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edildi. 2021-ci ildə YAP-ın yeni Proqramı qəbul edildi. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında "Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var" söyləyərək bu əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.
Ötən il müstəqilliyimizin yenidən bərpasının, bu il isə müstəqillik tariximizə bələdçilik edən Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyini Zəfər çalmış dövlət, xalq olaraq qeyd edirik. Bu, hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir. Bir gənc kimi məndə bu partiyanın üzvü olduğum üçün özümü xöşbəxt sayıram. "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri olaraq üzvlərimizin bu partiyanın əsil xalqın partiyası olmasına inamı, gələcəyimiz naminə fəaliyyətini yüksək qiymətləndirir. Öz adımdan və birliyimizin üzvləri adından Partiyanın çoxminli üzvlərinin hər birini yubiley münasibətilə təbrik edir, onlara Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyalarının təbliği işində uğurlar arzulayıram.
Tural Nurməmmədov, "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri
Baxış sayı: 86