Rüşvətdə təqsirləndirilən gömrük işçisinin məhkəməsi başlayıb » devlet.info.az
Xəbərlər



Rüşvətdə təqsirləndirilən gömrük işçisinin məhkəməsi başlayıb
Rüşvətdə təqsirləndirilən gömrük işçisinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun keçmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına görə, C.Məmmədov həmin vəzifədə işləyərkən 2022-ci il tarixdə Qusar rayonunun Şirvanovka kəndində yerləşən Azərbaycanın Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Rəfail Şəriflinin idarə etdiyi avtomobilinə yoxlamanı səthi həyata keçirib, gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra etməklə həmin şəxsdən 40 manat məbləğində pulu rüşvət qismində alaraq onu buraxıb.

Bundan başqa, C.Məmmədov həmin vəzifədə işləyərkən, İlham Əsgərovdan 11 min 500 ABŞ dolları pul vəsaitini Şirvanlı Gömrük Postundan Rusiyaya keçirtməyə köməklik göstərdiyi üçün 600 manat pul alıb.

C.Məmmədov təkrarən İ.Əsgərovun ümumilikdə 11 min 500 ABŞ dolları məbləğini ölkə kənarından keçirməsinə göz yumaraq ondan 400 manat rüşvət alıb.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

O deyib ki, 2022-ci il tarixdə Qusar rayonunun Şirvanovka kəndində yerləşən Azərbaycanın Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Rəfail Şərifli adlı şəxs idarə etdiyi avtomobilinə yoxlamanı həyata keçirib:

"Yoxlama zamanı maşında mühərrik və PlayStation cosikləri var idi. Buna göz yummağın üçün 40 manatı mənə özü məcbur verdi və məndə qəbul etdim. İkinci epizodda isə İlham Əsgərov adlı şəxs gömrük məntəqəsinə gəldi. Onun üstündə 11 min 500 ABŞ dolları var idi. O, bu pul vəsaitini Şirvanlı Gömrük Postundan Rusiyaya keçirtməyə köməklik göstərməyimi xahiş etdim. Buna görə 200 manat və 400 manat pulu özü mənə verib. Pulu kartıma köçürdü".

Şahid qismində ifadə verən Adil Qasımov o vaxt Dövlət Sərhəd xidmətinin nəzarətçi giziri vəzifəsində işlədiyini deyib:

"İlham adlı şəxsin üstündə pul var idi və onun pasportunu mən yazmışam. Mənə deyildi ki, o şəxs Cavidin qohumudur. Cavidin ondan pul götürməsi ilə bağlı heç bir məlumatım yox idi".

Digər şahid İlham Əsgərov bildirib ki Rusiya federasiyasına pul keçirmək üçün təqsirləndirilən şəxslə görüşüb.

Onun sözlərinə görə ikinci dəfə keçirmək istəyəndə artıq korrupsiya idarəsinin əməkdaşları hadisə yerində onları saxlayıb:

"Üstümdə 12 min dollar var idi. Onu keçirmək üçün gömrük sənəd istəyirdi. Birinci dəfə bu məsələyə görə Cavidlə görüşdüm. İkinci dəfə işi həll etmək üçün özü ilə telefonda danışdım. Cavid mənə dedi ki, 300 manat ver pulu keçirməkdə sənə kömək edəcəm".

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.
Baxış sayı: 5