Xəbərlər
devlet.info.az » Gündəm » Prezident İlham Əliyevin Litvaya səfəri iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək.
Prezident İlham Əliyevin Litvaya səfəri iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək.
Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litva Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Təbii ki, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi vardır. Məlumdur ki, hər iki ölkə sovetlər dönəmində müttəfiq respublika olmuşdur və elə həmin dövrdə də Azərbaycan və Litva arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan sonra bu münasibətlər yenidən yüksələn xətlə inkişaf etməyə başlamış və bir çox sahələri əhatə etmişdir. Hazırda isə iki ölkə arasında etibarlı tərəfdaşlıq və yaxın dostluq münasibətləri mövcuddur. Litva uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Azərbaycanın Avropa tərəfdaşları sırasındadır. İki ölkə arasında əlaqələrin qurulması və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Litva ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edib və bundan sonra da bu davam etdiriləcəkdir.
Azərbaycanın Litva ilə münasibətlərindən danışarkən, ilk növbədə qeyd olunmalıdır ki, ölkə prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdır. Həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdır ki, onlardan ən əhəmiyyətlisi kimi “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə qeyd edilməlidir. O cümlədən, cənab prezidentin cari ilin 21-22 may tarixlərində Litvaya rəsmi səfəri də bu münasibətlərin daha da yüksələn xətlə inkişafına mühüm töhfə verəcəkdir. Məlum səfər kifayət qədər məhsuldar işgüzar görüş kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən vacib sənədlər imzalanıb. Geniş fikir mübadiləsi əsasında aparılan önəmli müzakirələr və imzalanan sənədlər ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiqlədi və səfər çərçivəsində imzalanan sazişlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni perspektivlər vəd edir. Eləcə də Vilnusda keçirilmiş biznes-forum ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsir göstərəcəkdir.
Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. İlk növbədə 2022-ci il mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva Biznes Forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət olmuşdur. Və təbii ki, cari ilin may ayının 22-də növbəti Azərbaycan-Litva Biznes Forumu bütün bu münasibətlərin inkişafına müsbət təsir göstərdi. Cənab prezidentin qeyd etdiyi kimi bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarlar arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir. Və bu görüşlər, tədbirlər gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafı istiqamətində görülən tədbirlərə mühüm töhfə olacaqdır.
Azərbaycan və Litva prezidentlərinin apardığı müzakirələrdə diqqət çəkən məqamlardan Cənubi Qafqazda münaqişədən sonraki vəziyyət mövzusu mühüm yer aldı. Cənab prezident bir daha Azərbaycanın mövqeyini ifadə edərək bildirdi ki, biz regionu sülh, əməkdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün yeni reallıqlar, geniş imkanlar meydana çıxıb. Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi və bu illər ərzində işğal edilmiş ərazilərdə dağıntılar törədilmiş, tarixi irsimizə qarşı vəhşiliklər törədilmişdir. Lakin Azərbacan yenə də sülh danışıqlarının aparılması ilə Qafqaza əmin-amanlıq və inkişaf gətirməyə çalışır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Həmçinin dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir.
Beləliklə prezident İlham Əliyevin Azərbaycan Avropa İttifaqı əməkdaşlığı təşviqinə fəal töhfə verən Litva səfəri həm siyasi, həm də iqtisadi baxımdan mühüm hadisələrlə yadda qaldı. Ölkə başçısının məlum səfəri eyni zamanda Azərbaycanın diplomatik müstəvidə yeni uğuru hesab edilməlidir. Bütün irimiqyaslı qlobal iqtisadi layihələrin yüksək diplomatik bacarıqla reallaşdıran Azərbaycan liderinin Litva səfəri, keçirdiyi görüşlər, imzalanan sənədlər Azərbaycanın növbəti uğuru kimi yadda qaldı.
Oxşar xəbərlər
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
84